Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2)
Allah kainatda var olan hər şeyi müəyyən məqsəd üçün yaratmış və bu ayədə insanın yaradılışındakı məqsədi açıqlamışdır. Dünya müvəqqəti imtahan yeridir. Həm bütün insanların, həm də dünyanın Allah qatında təyin olunmuş sonu var. İnsanlar onlara verilən qısa ömürü Allahın təyin etdiyi və Quranda onlara göstərilən qaydalara görə yaşamağa çalışmalıdırlar. Burada etdiklərinin qarşılığını isə axirətdə görəcəklər.
Allah insanları sınamaq üçün həyatı yaratmış və onları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır və iman edənlərlə inkarçıların müəyyən olunması, inananların pisliklərdən təmizlənməsi və cənnət əxlaqına çatması üçün həyat vermişdir. Yəni dünya yalnız Allahın məmnuniyyətini qazana bilməyimiz üçün imtahan və öyrənmə yeridir. Dünyada olmağımızın məqsədi hər şeyi yaradan Rəbbimizi lazımınca tanıyıb təqdir etməyimiz, Onun əmrlərini və qoyduğu qadağaları qorumağımızdır. Bununla yanaşı, dünya həyatının keçici və saxta bər-bəzəkdən ibarət olduğunun fərqində olmağımız və həyatımızı axirəti hədəf alaraq yaşamağımızdır. Axirətin fərqinə varan insan dünyada da mümkün olan ən gözəl və rahat həyatı yaşayar. İnsanın yaradılışına ən uyğun olan həyat tərzi Quranda bildirilmişdir və insan Quran əxlaqını yaşamaqla Allahın izni ilə dünyanı cənnətə bənzər məkan halına gətirər.