Bu dünya həyatı yaxşılarla pislərin, gözəlliklə çirkinliyin ortaya çıxdığı, insanların davranışları ilə sınandığı, iman gətirənlərin və gətirməyənlərin imtahan olunduğu keçici məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan uca Allah imtahan etmək üçün iman gətirənlərə qarşı inkar edən, müqavimət göstərən insalar yaratmışdır. Peyğəmbərimizin hədislərinə görə, hər dövrdə peyğəmbərlərin və iman gətirənlərin qarşısına çıxan bu düşmən qüvvə, hz. İsanın təkrar yer üzünə gəlməsinin gözlənildiyi dövrdə, yəni axır zamanda "Dəccal" olacaq.
Dəccal ərəb sözüdür "dəcl" kökündəndir. Lüğətlərdə verilən mənaya görə Dəccal “yalançı, hiyləgər, zehinləri, könülləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizlədən, müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (lənətlənmiş, qovulmuş)” varlıqdır.
Hədislərdə Dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxan böyük mənfi güc olaraq xəbər verilmişdir. Axırzaman kimi fövqəladə hadisələrin reallaşdığı dövrdə Allah`ın elçisinə düşmənlik edərək şeytanın sistemini hakim etməyə çalışan Dəccal tarixin ən güclü inkarçılarından biridir. Belə ki, Peyğəmbərimiz (s.ə.v) Dəccalın fitnəsinin böyüklüyünü belə təsvir etmişdir:
"Adəmin yaradılışından qiyamətə qədər keçən zaman ərzində Dəccaldan daha böyük bir hadisə yoxdur." (Tirmizi, s. 82; Müslim, Fiten: 126)
Dəccal rəvayətlərə görə doğrunu yalnış, yalnışı doğru; yaxşını pis, pisi yaxşı göstərən, nifaq salan biridir.
"Şübhəsiz, yanında bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində, cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir..." (İbni Əbi Şeybe, Musannef, Fiten: 5, 8/5912 İbni Macə, 4075, 4076; Tırmizi, Fiten: 59, nömrə. 2240, 4/510)
Hədisdə də ifadə edildiyi kimi, onun çağırdığı gözəl görünüşlü hər şey insana fəlakət gətirəcəkdir. İnsanlara pis kimi göstərdiyi şeylər isə əslində onların xeyrinədir. Amma insanların bəziləri hadisələri Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə görə qiymətləndirmədiklərindən Dəccalın çağırışlarına aldanaraq ona tabe olacaq və Allah`dan qəflət içində üz çevirəcəklər. Bunun nə qədər böyük səhv olduğunu isə Dəccalın meydana gətirdiyi zülm mühiti sayəsində anlayacaqlar. Buna görə də, Peyğəmbərimiz (s.ə.v) insanları xəbərdar etmiş və Dəccalın pis olaraq göstərdiyi hər şeyin yaxşı olduğunu bildirmişdir:
"Dəccal çıxacaq. Yanında su və alov vardır. İnsanların su olaraq gördüyü yandırıcı alovdur. İnsanların alov olaraq gördükləri də soyuq və şirin sudur. Sizdən hər kim bunu idrak etsə alovu seçsin; özünü alova atsın. Əslində o şirin və gözəl sudur". (Müslim; Böyük Fitnə Məsihi Dəccal, Saim Güngör, s. 13)