İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Romantik sevgi anlayışından bəhs etmədən əvvəl, möminlərin həqiqi sevgi anlayışının necə olduğunu xatırlamaqda fayda var. İman sahibi şüurlu bir insan bütün qəlbi ilə sevməli, yaxınlaşmalı, bağlanmalı yeganə varlığın Allah olduğunu bilir. Çünki özünü yoxdan var etmiş, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu bütün hər şeyi özünə O vermişdir. Bütün ehtiyaclarını qarşılamış və qarşılayır, insan üçün bu dünyada saysız nemətlər yaratmışdır. Üstəlik, özünə iman gətirdikdə və itaət etdikdə onu həm dünyada, həm də axirətdə çox böyük və sonsuz nemətlərlə, Özünün sevgi və razılığı ilə müjdələyir. Allah bütün bunları da yalnız özündən bir rəhmət və lütf olaraq qarşılıqsız şəkildə bəxş edir. Deməli, həqiqi mənada hər kəsdən çox sevilməyə, bağlanılmağa layiq olan yalnız Allah`dır. Belə ki, Allah möminləri "Rəbbinə üz tut!" ayəsi ilə bu mövzuda xəbərdar edir. (İnşirah surəsi, 8)
İnsanlara duyulan sevgi də Allah sevgisinə əsaslanmalıdır. Allah`ı sevən insan Allah`a itaət edən qullarına qarşı da şəfqət bəsləyər. Bu da Allah`ın bu insanlar üzərindəki təcəllilərinə duyulan həqiqi sevgini meydana gətirir.
Sevginin duyulmasının səbəblərdən biri də sevilən insandakı üstün və gözəl xüsusiyyətlərə qarşı duyulan heyranlıqdır. Bu sevgi və heyranlıq əks tərəfdən də qarşılıq gördükdə aradakı əlaqə qüvvətli sevgiyə çevrilir. Ancaq burada əhəmiyyətli olan şey,üstünlük və gözəlliyin həqiqi sahibini tapmaq, maraq, sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. O da yenə bütün gözəlliklərin, üstün və uca isimlərin qaynağı, sahibi olan Allah`dır. Onun yaratdıqlarındakı üstün sifətlər isə yalnız Allah`ın sonsuz isimlərinin çox kiçik bir təzahürüdür və əslində Allah`a aiddir. Ancaq bu isimlər müvəqqəti olaraq Allah`ın qulları üzərində təcəlli edir, yəni əks olunur və görünür.
Bütün bunlara görə sevgi ancaq Allah`ın Zatına duyular. İnsanı və ya bir əşyanı Allah`dan müstəqil varlıq olaraq görüb, onu Allah`ı sevər kimi sevmək isə şirk qoşulduğunun ən diqqətə çarpan əlamətlərindən biridir.
Allah`ı tanımadan insanların bir-birilərinə bəslədikləri "sevgi" nəticəsində şirk qoşmanın cəmiyyətdə bir çox növləri yaranır. Atasını şirk qoşma, oğulunu şirk qoşma, arvadını, ərini, ailəsini, babalarını, müdirlərini şirk qoşma bunlardan bəziləridir. Hamısının da təməlində yanlış sevgi anlayışı dayanır.
Bir ayədə müşriklərin Allah`ı buraxıb, özlərinə sevgi bağı ilə bütlər əldə etdikləri belə bildirilir:
(İbrahim) dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah`ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz".(Ənkəbut surəsi, 25)
Axirətdə bu sevgi bağının nifrətə və qarşılıqlı inkara çevrildiyi isə yenə Quranda bizə bildirilir. Bunun səbəbi isə aralarında sevgi bağı quraraq bir-birlərini büt kimi qəbul edənlərin, axirətdə bir-birlərinin sonsuz əzabına səbəb olmalarıdır. Yalnız Allah`ı ilah edən kimsənin başqa bir şeyi, başqa bir kimsəni Allah qədər, ya da Ondan daha çox sevməsi əsla mümkün olmaz. Bunun əksinə davranan müşriklər isə ayədə belə təsvir edilir:
İnsanlardan elələri də vardır ki, Allah`dan qeyrilərini (Ona) tay tutur, onları da Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allah`a olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allah`a məxsus olduğunu və Allah`ın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə surəsi, 165)
Ayədə iman gətirənlərin ən çox Allah`ı sevdikləri ifadə edilmişdir. Demək ki, Allah`dan başqalarının sevgisi ürəyində daha güclü olan bir kimsənin iman gətirənlərdən olduğunu söyləmək mümkün deyil. Bunun əksini iddia edən bir insanın səmimi olmadığı, ya da Allah`ı və dini lazımınca tanımadığı qətidir. Onsuz da ayənin sonundan şirk qoşanların Allah haqqında yanlış və əskik məlumat və anlayışa sahib olduqları aydın olur.
Belə insanlar Allah`ı lazımınca təqdir edə bilmədiklərindən (Zumər surəsi, 64-65) sahib olduqları sevgi hissini öz nəfslərinə və ya başqa şəxslərə istiqamətləndirirlər. Bunlar ataları, oğulları, qardaşları, arvadları, ərləri, sevgililəri, nümunə götürdükləri, heyran olduqları bir çox insanlar ola bilər. Bəzi insanlarda bu sevgi insanlarla yanaşı, cansız obyektlərə, hətta mücərrəd anlayışlara da yönləndirilir. Pul, mal, ev, avtomobil, hər hansı bir əşya, mövqe, iqtidar kimi anlayışlar bütləşdirilir. Qısacası, imanla düzgün istiqamətləndirilməyən sevgi, özü ilə birlikdə şirk qoşmağı gətirir. Bu sevgi ağılla dəyərləndirilmədiyi və Allah`a yönləndirilmədiyi üçün romantik sevgidir. Allah Quranda belə ehtiraslı sevginin insanlara fayda gətirməyəcəyini, əsl qazancın Allah Qatında olduğunu bildirmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali İmran surəsi, 14)
Doğru sevgi anlayışı isə bütün bunları Allah`ın yaratdığı varlıqlar kimi sevmək və onları Allah`ın verdiyi nemətlər kimi qiymətləndirməkdir. Xüsusilə, sevgi hissi Allah`ın yaratdığı ən gözəl hisslərdəndir. Allah Quranda insanı "ən gözəl surətdə" yaratdığını bildirmişdir. Bu səbəbdən, Allah`a itaətli, gözəl əxlaqlı insanlara layiq olduqları şəkildə dərin sevgi bəsləmək də gözəl əxlaqın bir tələbidir. Möminin duyduğu bu gerçək sevgi dindən uzaq yaşayan cəmiyyətlərdəki heç bir sevgi ilə müqayisə edilə bilməyəcək çox uca, dərinduyğudur.
Növbəti hissələrdə isə Allah`ın bir nemət olaraq insana verdiyi bu uca duyğunu yaşaya bilməyən insanlardan danışacaq, sevgi adı altında yaşanan şirk modelinin ən sıx və tez-tez rast gəlinən növü olan qadın-kişi münasibətləri üzərində xüsusilə dayanacağıq.