Milliyyətçilik - bir insanın aid olduğu milləti və yaşadığı vətənini sevməsi deməkdir. Bu, gözəl bir duyğudur. Dinə zidd cəhəti olmadığı kimi, insanlığa zərər verən təsiri də yoxdur. Bir insanın anasını və atasını sevməsi necə bir hissdirsə, onu yetişdirən, eyni inanc və mədəniyyətə sahib olduğu millətini sevməsi də elə bir hissdir.
Milliyyətçilik hissinin qeyri-qanuni hala gəlməsi bu sevginin kor ehtirasa çevrilməsi ilə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləyirsə, yəni öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqqını tapdalayırsa, onların torpaqlarını ələ keçirməyi, mallarını talamağı hədəfləyirsə, bu, milliyətçilik duyğusunun qeyri-qanuni bir həddə gəlməsi deməkdir. İnsan öz millətinə olan sevgisini irqçiliyə çevirəndə, yəni öz millətini digərlərindən üstün olduğunu iddia edən zaman qeyri-qanuni fikir formalaşdırır. Bu qatı milliyyətçiliyə Allah Quranda diqqət çəkir. Ayələrdə "cahiliyyə lovğalığı" olaraq təsvir edilən bu düşüncə cahiliyyənin (dindən uzaq cəmiyyətlərin) bir xüsusiyyəti kimi izah edilir:
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)
Diqqət yetirilsə, ayədə "cahiliyyə lovğalığı"ndan bəhs edilir. Allah`ın buna qarşı möminlərə rahatlıq və təqva duyğusu verdiyi bildirilir. Öz cəmiyyətinə (tayfasına və ya millətinə) duyduğu sevgi nəticəsində təcavüzkar insanların davranışlarının qeyri-qanuni olduğu məlum olur. Allah buna qarşı möminlərin rahat və təqvalı olmasını diləyir. Başqa sözlə desək, Allah`ın möminlər üçün bəyəndiyi hal "ağlı başında olan" insanın ruh halıdır.
Cahiliyyə lovğalığına qapılanda isə "ağlı başında olan" insan ruh halı ortadan qalxır və insanları dilləri, rəngləri və ya cəmiyyətləri ayrı olduğu üçün bir-birlərinə düşmən edir.
Allah`ın 1400 il əvvəl Quranda təsvir etdiyi cahiliyyə lovğalığını bu gün dünyanın hər tərəfində görmək mümkündür. Afrikada müxtəlif qəbilələrdən olduqları üçün bir-birləri ilə düşmənçilik edən insanlar var. Avropada bir futbol qarşılaşmasını silahlı qarşıdurmaya çevirən və qarşı ölkənin tərəfdarını sırf o tərəfdən olduğu üçün ölənə qədər döyən insanlar mövcuddur. Qərb dünyasında zəncilərə, yəhudilərə, türklərə, afrikalılara və ya başqa millətlərə qarşı nifrət və kin bəsləyən, onlara qarşı terror hərəkatları təşkil edən, bu məqsədlə təşkilat quranlar var.
Cahiliyyə lovğalığı yalnız aşağı təbəqələrə deyil, bir çox ölkənin ən üst təbəqəsinə də təsir edir. Sadə bir sərhəd anlaşılmazlığını bəhanə edərək, təcavüzkarlıq instinktlərini təmin etmək üçün bir-birləri ilə vuruşan, bu müharibələri illər boyunca inadla davam etdirən, həm öz xalqlarını, həm də qarşı ölkənin xalqını səfalətə düçar edən bir çox ölkə vardır. Bu cür insanlar cahiliyyə lovğalığının təsiri altındadırlar. Hər biri ayədə təsvir edildiyi kimi, "öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapılan" insanlardır.
Bu təbəqəyə XX əsrin ən böyük iki fəlakəti sayılan I və II Dünya müharibələrini hazırlayan və icra edənlər də daxildir. "Alman qəhrəmanlığı", "ingilis qüruru", "rus cəsarəti" kimi romantik anlayışların təsirinə qapılaraq həm öz millətinə, həm də bütün dünyaya böyük fəlakətlər yaşatmış, iki nəhəng müharibədə 65 milyon insanın qanını tökmüş, on milyonlarla insanı isə dul, yetim və şikəst qoymuşdur.
Bu fəlakətlərin qaynağı olan "cahiliyyə lovğalığı"nın əsrimizdəki adı isə "romantik milliyyətçilik"dir.